ANAMA-nın mütəxəssisləri Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlayıblar

20:01 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Avqustun 17-də saat 13:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 13:52-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu ərazisində, dəniz sahilində minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri rayon polis şöbəsinin və Sahil Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə ərazidə dəniz sahilinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən tank əleyhinə mina (TM-62P3) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın tapıldığı yerin ətrafında 1200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ANAMA tərəfindən yanvarın 1-dən avqustun 17-dək 3576 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə səkkiz mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 110 min 415 kvadratmetr ərazi yoxlanılıb.

Вся лента