Sahil Babayev uşaqlar üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətini nəzərdən keçirib

19.08.2018,11:00


19 avqust, Fineko/abc.az.  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bu rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində olub, mərkəzdə yaradılan şəraiti, uşaqlarla aparılan işləri nəzərdən keçiriblər. 

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan mərkəz çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərir. Onların arasında sağlamlıq imkanları məhdud uşaqlar da var. Müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünəxidmət bacarıqları formalaşdırılır, eləcə də maraq və qabiliyyətləri nəzərə alınaraq ayrı-ayrı dərnəklər vasitəsilə onların ilkin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir. 
Mərkəzdəki uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər maraqla qarşılanıb, uşaqlara hədiyyələr təqdim olunub. 

S.Babayev reabilitasiya işinin səmərəli təşkili, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin daim artırılması, müasir iş metodlarının tətbiqi, fəaliyyətin konkret nəticələrə yönəlik qurulması və s. ilə bağlı tapşırıqlarını verib. Həmçinin günərzi qayğı xidmətlərinin əhəmiyyəti və mövcud tələbat nəzərə alınmaqla belə xidmətlərlə təmin olunan uşaqların sayının daha da artırılması, bunun üçün əlavə bir yerin ayrılması qərara alınıb, bununla bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə müvafiq işlərin görüləcəyi qeyd olunub. 

S.Babayev nazirliyin sifarişi ilə Şamaxı rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış icma əsaslı sosial reabilitasiya mərkəzində də olub. Mərkəzdə 18 yaşadək 50 nəfər sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilir.