Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda mövcud vəziyyətlə tanış olub

19.08.2018,11:15


19 avqust, Fineko/abc.az.  Avqustun 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb. Məlumat verilib ki, idarədə yaradılan lazımi şərait nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.

DGK sədri Səfər Mehdiyev əmin olduğunu bildirib ki, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.

Həmin gün Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postuna gələn Səfər Mehdiyev, burada gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.