AZAL: “Açıq Səma” Aİ ilə Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə kömək edəcək

15:07 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Azərbaycanla Avropa İttifaqı arasında 2013-cü ildə başlanan “açıq səma” rejimi ilə bağlı aviasiya razılaşması üzrə danışıqlar davam edir.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-in  vitse-prezidenti Eldar Hacıyev  ato.ru icmalına verdiyi müsahibədə bildirib ki,  Aİ ilə ümumi aviasiya məkanı respublikamıza təkcə turistlərin sayını artırmağa və iqtisadiyyatın şaxələndirilməsinə deyil, həm də Azərbaycanın Avropa ilə Asiya arasında strateji regionda nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan yaradacağı gözlənilir.

“Hüquqi cəhətdən, bu razılaşma hələ imzalanmayıb, lakin bütün məsələlər hər iki tərəf tərəfindən hazırlanıb. AZAL-da Avropa daşıyıcıları ilə rəqabətə hazırdırlar, ancaq bir şərtlə ki, bu, Azərbaycanın sərnişin daşımaları bazarında xarici aviaşirkətlərin hegemonluğuna səbəb olmayacaq. İnkişaf, rəqabət olduğu yerdə olur”, - E.Hacıyev belə deyib.

Onun sözlərinə görə, aviasiya orqanları həmçinin milli daşıyıcıların maraqlarına riayət etməlidirlər. Belə asanlıqla bazarı iltizama vermək olmaz.

“Çünki biz başa düşürük ki, qərbdə olduqca böyük, güclü aviaşirkətlər mövcuddur və onlarla rəqabət aparmaq bizim üçün çətin olacaq. Lakin belə bir qərar qəbul olunsa, biz, buna da hazırıq.  Bu arada, artıq indi Azərbaycanda elan edilməmiş açıq səma faktiki olaraq qüvvədədir”, E. Hacıyev bunu deyib.

Eldar Hacıyev deyib ki, ancaq son iki il ərzində respublikanın aviasiya bazarına 21 aviaşirkət daxil olub. Bunlar: ATA Airlines (İran), Montenegro Airlines (Monteneqro), Etihad Airways (BƏƏ), Al Naser Wings Airlines (İraq), Jazeera Airways (Küveyt), Wataniya Airways (Küveyt), Gulf Air (Bəhreyn), NordWind (“Şimal küləyi”), “İkar”, “İrAero”, “Komiaviatrans”, “Nordavia” və s. Bakıya aşağı tarifli daşıyıcılar da uçur, məsələn flydubai (BƏƏ), AirArabia (BƏƏ), SalamAir (Oman) və Wizz Air (Macarıstan). Əvvəllər Bakıya həyata keçirilən reyləri “Pobeda” («Победа») aviaşirkəti yerinə yetirirdi.

 

Вся лента