Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin yeni inzibati binası istifadəyə verilib

16:54 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin yeni inzibati binası əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.

Binanın istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkənin, eləcə də paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub. Həmin yolların yaşıllaşdırılmasını həyata keçirən əməkdaşların normal fəaliyyəti üçün belə bir izibati binaya ehtiyac duyulurdu.  

İnzibati bina ilə tanışlıq zamanı bildirildi ki, ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb. Yeni tikili inzibati bina, yardımçı və anbar binaları, mətbəx və yeməkxanadan ibarətdir.

Burda işçilərin normal fəaliyyətinin təmin olunması üçün hər bir şərait yaradılıb, lazımi avadanlıqlar quraşdırılıb. Bina istimə-soyutma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. Təmir işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb, rabitə sistemi qurulub. Bina fasiləsiz internet, elektrik enerjisi və su ilə təmin olunur.

İnzibati binada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlətimizin başçısının Azərbaycanda yol infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var.

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb, 2 min kv.m ərazidə qazon vurulub, 60 ədəd ağac və 2500 mövsümü güllər əkilib, əraziyə su çəkilib, meydançalara asfalt-beton örtük çəkilib, avtonəqliyyat vasitələrinin üçün parklanma yeri tikilib.

Qeyd edək ki, 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin inzibati binasının əsaslı şəkildə təmirinə cari ilin may ayında başlanılmışdı.

Вся лента