Bu gündən Qurban bayramı ilə əlaqədar heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb

17:25 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. Bundan başqa nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstan Respublikasından satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.

Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb.

Yarmarkalar avqustun 23-də axşam saatlarına kimi davam edəcək.

 

 

Вся лента