Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Qubada fermerlərlə görüşüb.

19:06 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Quba Dövlət Aqrar İnkişaf Mərkəzində yerli fermerlər və təsərrüfat sahibləri ilə görüşüb.

Görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

Görüşdə çıxış edən Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Allahverdi Xudaverdiyev kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlandığını və Dövlət Aqrar Ticarət Şirkətinin satış problemlərinin həllində fermerlərin əsas dəstəkçisi olacağını bildirib.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova fermerlər qarşısında çıxış edərək Şirkətin yaranma məqsədi və fəaliyyət istiqamətləri, fermer təsərrüfatlarının inkişafı üçün həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib.

“Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında aparıcı sahələrdən biridir. Bu gün kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət Aqrar Ticarət Şirkəti olaraq kiçik və orta təsərrüfat sahiblərinin satışla bağlı problemlərinin aradan qaldırılması istiqamətində səylə çalışırıq. Təbii ki, bu məsələdə qarşılıqlı əməkdaşlıq mütləqdir. Hər bir fermer bizim rayon nümayəndələrimiz vasitəsilə məhsullarına alıcı tapmaq üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edə bilər. Biz də öz növbəmizdə qısa müddətdə məhsul alıcıları ilə fermerləri əlaqələndirəcəyik”.

Kənd təsərrüfatı məhsullarının satışında problemlər yaşanmaması üçün keyfiyyətli məhsul istehsalının vacibliyini bildirən Leyla Məmmədova DAİM vasitəsilə fermerlərlə məhsula qulluq barədə lazımi maarifləndirmə işləri aparılacağını, DATŞ tərəfindən isə məhsulların satışına dəstək veriləcəyini deyib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerlər Dövlət Aqrar Ticarət Şirkətinə fəaliyyətinə uğurlar arzulayıblar.

Görüşdən sonra DATŞ nümayəndə heyəti Aşağı Atuc kənd sakini Yavuşva Simanduyevin və Zərdabi kənd sakini Tahir Cəfərovun bağ sahəsi ilə tanış olublar.

 

Вся лента