Dövlət Komitəsi torpaqlardan düzgün istifadə ilə bağlı monitorinqlər keçirir

20:13 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, son dövrlər komitə tərəfindən mütəmadi olaraq kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqlardan düzgün istifadə ilə bağlı monitorinqlər aparılır. Keçirilən monitorinqlər zamanı bir sıra hallarda yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqların qanuna zidd istifadəsi, icazəsiz tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Qeyri-qanuni istifadə halları müəyyən edilir, torpaqlardan əsassız istifadənin qarşısı dərhal alınır.

Son 1 ay ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında torpaqlardan 140 qeyri-qanuni istifadə halı qeydə alınıb. Artıq 25 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub. Ümumilikdə respublika üzrə aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edilməlidir ki, belə hallardan biri də Abşeron rayonu, Hökmalı kəndi  ərazisində müşahidə edilib. Belə ki, həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası qeydə alınıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişlərinin Abşeron Rayon İcra Hakimiyyətinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin Hökmalı kəndində birgə apardığı monitorinq nəticəsində həmin tikililərin inşası dayandırılıb.

Monitorinqlər zamanı aşkar edilən hallar vətəndaşların həyatı üçün təhlükə mənbəyi olmaqla yanaşı, mülkiyyət hüquqlarının həyata keçirilməsində də çətinliklər yaradır. Eləcə də, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatlara komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Вся лента