"Elektronlaşma vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması" mövzusunda seminar keçirilir

15:36 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 5-də Bakı şəhərindəki "Park Inn" otelində "Elektronlaşma vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması" mövzusunda ikigünlük seminar başlayıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) təşkil etdiyi tədbirdə bu qurumun üzvü olan milli zəmanət birlikləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), eləcə də Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Çin, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının nümayəndələri iştirak edir.

Seminarın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycanda tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik tədbirlər həyata keçirilir.

Sözügedən sahədə vahid və standart yanaşmanın təmin edilməsi məqsədilə qəbul edilmiş beynəlxalq konvensiyaların əhəmiyyətinə toxunan Cavad Qasımov, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində 1975-ci ildə qəbul edilmiş "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasının ticarətin və daşımaların asanlaşdırılması işində mühüm rolunu vurğulayıb.

Komitə sədrinin müavini BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar zamanı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən zəruri işlərin davam etdirildiyini, artıq sentyabrın 5-dən sistemdən test rejimində istifadəyə başlanıldığını deyib.

Qeyd edilib ki, TIR EPD sistemindən istifadə gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq, risklərin təhlilinin səmərəli şəkildə həyata keçirilməsi əsasında BYD daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli və prioritet qaydada keçidinə şərait yaradacaq.

Sədr müavini Azərbaycanın tranzit potensialının artırılması işinə xidmət edəcək BYD prosedurlarının elektronlaşdırılması üzrə pilot layihələrlə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlərin də görüldüyünü və yaxın zamanda bu layihələrin icrasına başlanacağına ümidvar olduğunu bildirib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının və ticarətin asanlaşdırılması istiqamətində aktiv fəaliyyətini təqdir etdiklərini söyləyib. Azərbaycan tərəfi ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Baş katib beynəlxalq ticarətin və avtomobil daşımalarının elektronlaşma yolu ilə asanlaşdırılması məsələlərinə dair seminarın nəticələrinin də səmərəli olacağına əminliyini ifadə edib.

Sonra seminar başlayıb.

Sentyabrın 6-dək davam edəcək seminarda Türkiyə və İran arasında, Azərbaycan, Qazaxıstan, Ukrayna və Gürcüstan arasında UNECE-IRU eTIR pilot layihələri üzrə müzakirələrin aparılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində intermodal daşımalarda BYD prosedurlarının elektronlaşdırılmasının əhəmiyyəti, elektron prosedurların Qədim İpək Yolu üzərində ticarətin genişləndirilməsində rolu, ticarətin asanlaşdırılması konvensiyaları üzrə nailiyyətlər və çağırışlar mövzularında təqdimatların keçirilməsi nəzərdə tutulub.

Вся лента