MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

16:23 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə regional təlimlər keçirilir.

 MDB regionunda ilk dəfə ölkəmizdə keçirilən təlimlər sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etmək və kibertəhlükələrin qarşısının alınması üzrə əməli təlimlər keçirmək, müasir mübarizə üsullarının tətbiqini öyrənmək məqsədi daşıyır.

Tədbirdə BTİ-nin üzvü olan MDB regionu ölkələrindən kibertəhlükəsizlik insidentlərinə reaksiya üzrə milli qruplar, kibertəhlükəsizlik ilə bağlı tənzimləyici orqanların numayəndələri ilə yanaşı Azərbaycanın aidiyyəti dövlət qurumlarının, telekommunikasiya operatorları, İnternet provayderlər, bankların və digər özəl şirkətlərin  mütəxəssisləri iştirak edir.

MDB-dən Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan olmaqla, Avropa və Asiyadan olan, ümumilikdə 14 ölkənin 75-dən artıq iştirakçısının qatıldığı tədbirdə  beynəlxalq təşkilatları təmsil edən ekspertlər təlimlər keçəcəklər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sahə üzrə Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasətindən söz açıb. Ölkəmizdə müasir texnologiyalardan dövlət idarəçiliyində, biznes fəaliyyətdə istifadəsinin genişləndiyini nəzərə alaraq, kibertəhlükəsizlik məsələləri də mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan E.Vəlizadə NRYTN və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə milli strategiyanın hazırlandığını bildirib.

Kibertəhlükəsizliyin qlobal xarakter daşıdığını diqqətə çatdıran nazir müavini bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib sayıb, ilk dəfə keçirilən regional təlimlərin bu yöndə atılan əhəmiyyətli addımlardan biri olduğunu deyib.

Daha sonra “Azərbaycanda kibertəhlükəsizlik təşəbbüsləri” adlı məruzə dinlənilib, kibertəhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və analiz edilməsi əsasında görülən işlərdən söz açılıb, ö cümlədən NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqda geniş məlumat verilib. 

Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə bölməsinin proqram koordinatoru Fərid Nəhli hər gün yenilənən hücum texnologiyaları fonunda BTİ-nin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətindən danışıb.

O, təşkilatın iş planında kibertəhlükələrə qarşı mübarizədə qlobal əməkdaşlığın  əsas və vacib istiqamət olduğuna diqqət çəkib. BTİ tərəfindən Qlobal Təhlükəsizlik İndeksinin (QTİ) ölçülməsi ilə bağlı aparılan araşdırmalardan danışan F.Nəhli nəticələrin hazırda analiz olunduğunu bildirib. BTİ rəsmisi milli kibertəhlükəsizlik strategiyalarının hazırlanması və onların əsasında Fəaliyyət Planının həyata keçirilməsinin vacibliyindən də danışıb.

Qeyd edək ki, təlimlər sentyabrın 7-dək davam edəcək. Kibertəlimlərdə 6 müxtəlif ssenari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri sınaqdan keçiriləcək ki,  bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.

 

Вся лента