Əmlakla bağlı Çağrı mərkəzinə 700-dən çox müraciət daxil olub

06.09.2018,12:17


6 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən bütün xidmətlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhali tərəfindən daxil olan müraciətləri operativ cavablandırmaq üçün 193 Vahid Çağrı mərkəzi fəaliyyət göstərir. Bu xidmət sayəsində istənilən vətəndaş komitənin fəaliyyət sferası ilə bağlı bütün suallara cavab tapmaqla yanaşı, hüquqi məsləhətlər də ala bilir. Dövlət əmlakının özəlləşdirilməsi, hərracların keçirilməsi, daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu işləri və digər müraciətlərə mütəxəssislər  tərəfindən həssaslıqla yanaşılır.

Qeyd edək ki, Çağrı mərkəzinə yalnız avqust ayı ərzində ümumilikdə 700-dən çox müraciət daxil olub. Ümumi müraciətlərin 260-a yaxını daşınmaz əmlakın qeydiyyatı ilə bağlı, digərləri isə əsasən, özəlləşmə, kadastr işləri, dövlət rüsumu və xidmət haqqı ilə bağlı müraciətlərdir. Vətəndaşların ünvanladığı 570-ə yaxın sorğu tipli müraciət komitənin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq dərhal cavablandırılıb. 150-dən aşağı araşdırılma tələb edən müraciət isə qeydə alınaraq, müvafiq struktur bölmələrə göndərilib.

Daxil olan müraciətlərin bölgələr üzrə dinamikasına baxsaq, ötən ay digər şəhər və rayonlara nisbətdə paytaxt əhalisi tərəfindən mərkəzə daha çox müraciət daxil olub. Belə ki, müraciətlərin 550-dən çoxu Bakı şəhərinin sakinləri tərəfindən ünvanlanıb. Regionlar üzrə alınan nəticəyə uyğun olaraq komitə maarifləndirmə işlərini intensiv formada davam etdirir.

Komitə tərəfindən reallaşan sosial əhəmiyyətli layihələrə olan ictimai maraq Çağrı mərkəzinə edilən müraciətlərdə də öz əksini tapıb. Belə ki, xidmətlərin səyyar formada “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları ilə ünvanlarda göstərilməsi sakinləri əmlaklarını qeydiyyata almağa həvəsləndirir.

Qeyd edək ki, müraciət etmək istəyən vətəndaşlar üçün Çağrı mərkəzi canlı və səsli menyu rejimində xidmət göstərir. Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən 193 nömrəsinə edilən zənglər ödənişsizdir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.