Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri başlandı - YENİLƏNDİ

07.11.2017,12:30


7 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində bu gün 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri başlandı.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbəri Ziyad Səmədzadə müzakirələr zamanı bildirdi ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi, qlobal risklərin artması fonunda hazırlanmışdır və ölkə hökuməti, qanun layihəsinin şəffaflığı və effektivliyinin təmin edilməsi üzrə genişmiqyaslı işlər aparmışdır.

“Məlumdur ki, gələn il Azərbaycan öz müstəqilliyinin 100-illiyini qeyd edəcək və bu büdcə, yüzilliyin büdcəsi olacaq”, - deyə Z.Səmədzadə bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin büdcə layihəsi, büdcədə təqdim edilmiş informasiyanın miqyası nəzərə alınmaqla, Azərbaycanın müstəqillik dövrü ərzində ən şəffaf büdcə layihəsidir.

 

***

 

Azərbaycanın Maliyyə naziri Samir Şərifov müzakirələr zamanı bildirdi ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da ölkə  ÜDM-nun  29%-ni təşkil edir.

“Gələn il Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 7,907 milyard manat, Dövlət Gömrük Komitəsi xətti ilə 2,43 milyard manat və Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert  9,216 milyard manat təşkil edəcək”, - deyə nazir bildirdi.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində neftin qiyməti  $45 səviyyəsində təyin edilib ki, bu da cari il ilə müqayisədə 12,5% və ya $5 daha çoxdur.

“2018-ci ilin büdcə xərcləri  20,906 milyard manat təşkil edəcək ki, bu da ölkə ÜDM-nın 30,1%-ni təşkil edəcək. Beləliklə, dövlət büdcə kəsiri  778,7 milyon manat təşkil edəcək”, - nazir belə deyib.

2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 milyon manat, xərclər - 26 674,1 milyon manat səviyyədə proqnozlaşdırılır.