ADY-da Çexiya nümayəndə heyəti ilə görüş keçirilib

14:33 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” (ADY)  QSC-də Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüş keçirilib.

ADY-in məlumatında deyilir ki, görüş çərçivəsində  QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

“Cavid Qurbanovun sözlərinə əsasən,  iki ölkənin müvafiq qurumları ilə əlaqələri yüksək səviyyədədir. Belə ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb və layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı-Böyük Kəsik istiqamətində təmir işlərı  başa çatmaq üzrədir”, - deyə məlumatda bildirilir.

Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.

“Öz növbəsində, Marta Novakova Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib”, - məlumatda  belə deyilir.

Görüşdə həmçinin Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.

 

Вся лента