“ASAN Viza”nın 100 yaşlı müraciətçisi "ASAN xidmət"də

15:45 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. 12 sentyabr 2018-ci il tarixində “ASAN Viza”ya müraciət edən 100 yaşlı şəxs, Bolqarıstan əsilli İsrail vətəndaşı Danon Yaakov “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi xidmətinə müraciət edən Yaakov ölkəmizə turist kimi gəlib.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə hava limanında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanılıb. Bu günə kimi 587 500-dən çoxu “ASAN Viza” portalı vasitəsi ilə, 173 200-dən çoxu isə hava limanlarında olmaqla, ümumilikdə 760 700-dən çox viza verilib.

Qonaq ,həmçinin, “ABAD” sərgi satış mərkəzi ilə tanış olub.

Вся лента