Kalsiumun orqanizmdə rolu

14:00 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Qanda kalsiumun az olması- hipokalsemiya tək dişlər və sümüklərin deyil, həm də ümumi sağlamlığa təsirsiz ötüşmür. Əldə və ayaqlarda iynəbatma hissi, ətraflarda və ağız kənarında keyimə, tiklər, titrəmə, baş gicəllənməsi, diqqətin yayınması, əzginlik, əzələ qıcolmaları, əzələ ağrıları, saçların tökülməsi, dırnaqların qırılması, dəridə quruluq, ekzema, dermatit, ürək döyüntülərinin sürətlənməsi, ürəkdə ağrı  şikayətləriniz varsa sizdə kalsium çatışmazlığı ola bilər. Yaşlı şəxslərdə kalsium çatışmazlığı sümüklərdə osteoparoza və tez-tez sınıqlara səbəb olur. Kalsium orqanizmdə həyati vacib funksiyaların yerinə yetirilməsində birbaşa iştirak edir. Kalsium:

-   böyrək və bağırsaqların funksiyasına təsir göstərən hormonların sintezində iştirak edir;

-   qanın laxtalanmasında mühüm rol oynayır;

-   əzələ yığılmasına və sinir keçiriciliyinə təsir edir;

-   fermentlərin sintezində iştirak edir;

-   hüceyrə membranında (divarında) keçiriciliyə təsir edərək oksigen və qidalı maddələrin daşınmasını tənzimləyir;

-   bir çox vitaminlərin, xüsusilə B12 nin sintezində iştirak edir.

Risk qrupuna kimlər daxildir? Qida ilə kifayət qədər kalsium qəbul etməyən şəxslər, mədə-bağırsaq xəstəlikləri və buna bağlı olaraq kalsiumun sorulmasının pozulması, hipoparatireoz xəstələri, D vitamini çatışmazlığı olan şəxslər, böyrək xəstəliklərindən əziyyət çəkənlər, qaraciyər və mədəaltı vəz xəstələri, hipoalbumunemiya- qanda zülal çatışmazlığı olan şəxslər, bəzi dərman preparatlarını uzunmüddətli qəbul edən xəstələr bu qrupa daxildir.

Nə etməli? Hipokalsemiya diaqnozu qoyulduqda ilk növbədə səbəb araşdırılmalı və kalsiumun səviyyəsi dərman preparatları və kalsiumla zəngin qidalar hesabına normallaşdırılmalıdır. Kalsiumla zəngin qidalara: Süd və süd məhsulları (qatıq, kefir, kəsmik, yoqurt, bərk pendir növləri), toyuq və qaz əti, göyərti, meyvə-tərəvəz (xüsusən brokkoli kələmi, ispanaq, kəpəviz, cəfəri, portağal), soya məhsulları, yulaf, qarabaşaq, qoz, küncüt tumları, həmçinin dəniz məhsulları daxildir.

Вся лента