Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 44-cü illik konfransında iştirak edib

15:10 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. 2018-ci il 9 - 14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük data” mövzusunda 44-cü illik konfransı keçirilmişdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak etmişdir.

Konfransda həmçinin Mərkəzin əməkdaşları Natiq Əliyev, Məhəbbət Əkbərli, Aynur Bayramlı və Elmir Şirinovun hazırladıqları “ Azərbaycan Respublikasında magistraturaya qəbul” mövzusunda məruzə təqdim edilmişdir. Təqdimatda ölkəmizdə magistraturaya qəbul imtahanı modeli, imtahanın mərhələləri, imtahanlarda tətbiq olunan müxtəlif növlü yoxlama-ölçmə materialları, xüsusilə də qəbul imtahanları zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması proseduru geniş işıqlandırılmışdır. Təqdimat bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanmış, onları maraqlandıran suallar M.Əkbərli və E.Şirinov tərəfindən cavablandırılmışdır.

Konfransın iştirakçıları İngiltərə, Amerika Birləşmiş Ştatları, İsrail, Çin, Sinqapur, Norveç, Qazaxıstan və digər ölkələri təmsil etmişlər.

Konfransın bağlanışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını etmişlər. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, altmövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan və s. haqqında iştirakçılara məlumat verilmiş, videoçarx nümayiş etdirilmişdir. DİM-in sektor müdiri Vəli Hüseyn çıxış edərək 44-cü konfransın təşkilatçılarına minnətdarlığını bildirmiş, konfrans iştirakçılarını Bakıda keçiriləcək növbəti illik konfransa dəvət etmişdir.

Konfransın gedişi ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasının Böyük Britaniyadan hazırladığı videoreportaja buradan baxa bilərsiniz.

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.

Вся лента