Bakıda Babək prospektindəki işlər oktyabr ayında yekunlaşacaq

17:35 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Babək prospektinin yenidənqurma işlərini 2018-ci ilin oktyabr ayında yekunlaşdırmağı planaşdırır.

Agentliyin məlumatında deyilir ki, hazırda ümumi uzunluğu 9 km təşkil edən yolun 6 km-lik hissəsində asfalt-beton örtüyünün 2 layının döşənməsi işləri yekunlaşıb. Hazırda qalan 3 km-lik hissədə bu işlər davam etdirilir.

“Ümumilikdə prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Bundan əlavə, yenidənqurma işləri çərçivəsində yağış kanalizasiyası və işıqlandırma sistemlərinin quraşdırılması daxil olmaqla yeni yeraltı kommunikasiya xətləri çəkilir. Həmçinin, bir istiqamətdə yol 16 metrə qədər genişləndiriləcək.

“Bütün yenidənqurma işlərinin tam başa çatdırılması 2018-ci ilin oktyabr ayına planlaşdırılır”, - məlumatda belə deyilir.

Azərbaycan prezidentinin 15 avqust 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Bakının Babək prospektinin yenidən qurulması üçün dövlət büdcəsindən 20,1 milyon manat məbləğində vəsait ayrılmışdır.

 

Вся лента