İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır

16:30 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Əmək və əhalinin sosial müdafiəsi nazirliyində yaradılmış İşçi Qrupunun iclasında nazir Sahil Babayev bildiribki, yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir yeni qanunda məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilinin irəli sürüldüyünü diqqətə çatdıraraq bildirib ki, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını, həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını və s. halları nəzərdə tutur. Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək. Sahil Babayev cənab Prezidentin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə məşğulluq altsisteminin yaradılması istiqamətində işlərin sürətləndiyini qeyd edib. Görülmüş bu işlər son nəticədə məşğulluq xidmətlərinin daha şəffaf və əlçatan olması, həmçinin qeyri-rəsmi məşğulluqla mübarizədə effektiv nəticələr verəcək, deyə nazir bildirib.

S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin «Məşğulluq haqqında» Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.

İclasda əmək bazarının səmərəli tənzimlənməsi istiqamətində tədbirlər, normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırlması üçün görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.

Вся лента