Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıtda yerləşir

18:36 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə 18 sentyabr tarixində növbəti hərrac baş tutdu. Bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kv.m-dir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olundu. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Qeyd edək ki, bu əmlakın ümumi faydalı sahəsi 376 kv.m, satış qiyməti isə 100 min manatdır.

Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində nəticələr keçidinə daxil ola bilər.

Komitə tərəfindən keçirilən hərraclarda hər kəs məhdudiyyətsiz formada iştirak edərək dövlət əmlakına sahib ola bilər. Özəlləşdirilən müxtəlif kateqoriyalı dövlət obyektlərinin sonrakı fəaliyyəti ölkədə həm iqtisadi, həm də sosial vəziyyətə müsbət təsir göstərir. İnvestisiya yatırılmış müəssisələr yeni və müasir standartlara uyğun yenidən qurulur. Bu fəaliyyət nəticəsində yeni iş yerləri yaranır, əhalinin məşğulluq səviyyəsi artır. Özəlləşən müəssisələrdə istehsal olunan məhsullar və ya göstərilən xidmətlər ilə ölkə daxilində vətəndaşların tələbatları ödənilir.

Qeyd edək ki,  25 sentyabrda baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı, komitənin rəsmi saytı,  facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır.

Вся лента