Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir

18:57 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Bakıda "Əməliyyat məlumatlarının toplanması və təhlili" mövzusunda təlim başlayıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulan təlim ABŞ-ın İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində keçirilir.

Təlimi ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi Təlim Bürosunun beynəlxalq təlim şöbəsi təşkil edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığa görə ABŞ hökumətinə təşəkkürünü bildirib və gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının Azərbaycan gömrük orqanları üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Əsgər Abdullayev son illər ölkədə gömrük infrastrukturunun daha da modernləşdirildiyini, ən müasir texniki vasitələr və yoxlama kompleksləri tətbiq edilməklə gömrük nəzarətinin və əməliyyat-axtarış fəaliyyətinin gücləndirildiyini vurğulayıb.

Qeyd olunub ki, risklərin idarə edilməsi sistemindən istifadə genişləndirilib, narkotiklərin axtarışı üzrə təlim keçən itlərin sayı artırılıb, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün beynəlxalq və regional əlaqələr gücləndirilib və nəticədə Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit yolla keçirilməsinə cəhd göstərilən xeyli miqdarda narkotik vasitə aşkar edilib.

Məlumat verilib ki, 2016-2018-ci illər ərzində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 416 fakt üzrə, 98 faizdən çoxu heroin olmaqla, 2 ton 327 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb və 62 narkoqrup ifşa olunub.

Əsgər Abdullayev əməliyyat məlumatlarının toplanması və təhlili mövzusunda təlimin Azərbaycan gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının, peşə vərdişlərinin artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi Təlim Bürosunun beynəlxalq təlim şöbəsinin mütəxəssisi Çeron Makkey təlimdə istintaq və təhqiqat aparılmasının strategiyası barədə məlumat veriləcəyini, ssenari üzrə məşğələlərin təşkil olunacağını bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kis Roberts iki ölkə arasındakı səmərəli əməkdaşlıq əlaqələrindən danışıb və bu təlimin gömrük əməkdaşlarının peşə bacarıqları və bilik səviyyəsinin artırılmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Təlim zamanı ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi Təlim Bürosunun beynəlxalq təlim şöbəsinin mütəxəssisləri Çeron Makkey, Emmanuel Nudevo və Mari Harmon əməliyyat məlumatlarına giriş, narkotiklərin identifikasiyası, əlaqənin təhlili, "on-layn" araşdırmalar və digər mövzularda iştirakçıları məlumatlandıracaq.

Təlimdə Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük idarələrinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti sahəsində xidmət edən əməkdaşları iştirak edir.

Təlim sentyabrın 21-dək davam edəcək.

 

Вся лента