Azərbaycanın bank sisteminin cəmi aktivləri 8 ay ərzində 28 milyard manatdan çox təşkil edib

13:02 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) bank sektorunun 2018-ci ilin 8 ayı üzrə statistikasını açıqlayıb.

Palatanın məlumatında deyilir ki, 31 avqust 2018-ci il tarixində Azərbaycan bank sisteminin cəmi aktivləri 28 127,1 milyon manat təşkil edib.

“31 avqust 2018-ci il tarixində kredit portfeli 11 905,5 milyon manat, öhdəliklər 24 077,5 milyon manat, bank sektorunun balans kapitalı 4 049,6 milyon manat, əhalinin əmanətləri 7 939,9 milyon manat təşkil edib”, - Palatanın məlumatında belə deyilir.

2018-ci ilin yanvar-avqust aylarında bankların aktivləri 206,1 milyon manat (0,74%), balans kapitalı isə 340,4 milyon manat (9,2%) artıb.

Kredit portfeli 5% və ya 567,9 milyon manat artıb, fiziki şəxslərin əmanətləri 5,27% və ya 397,4 milyon manat artıb.

31 avqust tarixində əhalinin müddətli depozitləri 5 691,8 milyon manat təşkil edib (yanvar-avqust aylarında 9,7% artım təşkil edib).

8 aylıq yekunlarına görə, Azərbaycanın bank sektorunun əməliyyat gəliri 441 milyon manat təşkil edib. Hesabat dövründə banklar ehtiyatların formalaşmasına 316,4 milyon manat xərcləyiblər. Nəticədə 2018-ci ilin yanvar-avqust ayları üzrə bank sektorunun xalis mənfəəti 103,8 milyon manat təşkil edib.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 30 bankın 511 filialı, 143 bölməsi və 2 468 bankomatı fəaliyyət göstərib. 2018-ci ilin 8 ayı ərzində bank sektorunun işçilərinin sayı 757 nəfər artaraq 16 928 nəfərə çatıb.

 

Вся лента