Azərbaycan neftçiləri peşə bayramlarını qeyd edirlər

14:12 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.

Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.

Həmin gün SOCAR-ın Baş ofisində “Azərbaycan nefti” ekspozisiyasının açılışı olmuşdur. Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov, “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak etmişlər. Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapmışdır. Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgiyə böyük maraq doğurur.

20 sentyabr “Neftçilər Günü”nə həsr olunmuş təntənəli mərasimdə əvvəlcə “Neftçilər Günü”nə, SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibəti ilə təbrik etmişdir.O demişdir: “Yüksək ixtisaslı, zəhmətkeş neftçilər bizim ən qiymətli xəzinəmizdir. Məhz fədakar neftçi əməyinin sayəsində SOCAR ilbəil böyüyür, genişlənir. Biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədi ilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığımız investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda bizi yeni üfüqlər, böyük perspektivlər gözləyir.”

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edərək, demişdir: “Azərbaycanın neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini əks etdirən bu simvolik gün xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçilərimizin şərəfli əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz nefti ilə yeni status qazanaraq, uzaqgörənliklə gələcək enerji siyasətinin konturlarını müəyyənləşdirmiş oldu: “Hələ 1996-cı ildə Heydər Əliyev görüşlərinin birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulmuşdur. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq. Çünki yeni imkanlar meydana çıxacaqdır.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində ölkəmizin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olması ulu öndərin bu müdrik gözləntilərini doğrultdu və dövlətimizin nə qədər aydın yolda olduğunu göstərdi.”

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “Son 20 ildən artıq bir müddət ərzində Azərbaycanın inkişafı, burada yaradılmış dünya səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və qaz layihələri bu ölkəni iri bir beynəlxalq enerji mərkəzinə çevirmişdir. Bu layihələrin əsas qəhrəmanları, əlbəttə ki, ölkənin çoxsaylı neftçiləridir. “Neftçilər Günü”nü qeyd etməklə biz onların fədakar əməyinə və böyük nailiyyətlərinə dəyər veririk. Onlar hamımızın dərin hörmətinə və sevgisinə layiqdirlər. Onlar Azərbaycanın yeni nəsil neftçilərinə daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can atmalıdır.”

Daha sonra 2017-cı ilin yekunlarına görə əsas peşələr üzrə “İlin ən yaxşısı” nominasiyası qaliblərinə mükafatlar təqdim edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.

Вся лента