Rövnəq Abdullayev : “Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

15:44 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” qaz-kondensat yatağında inşa ediləcək ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacağını deyib.

.O bildirib ki, yatağın tam miqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə “Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. “Ümid” yatağı dövlət müstəqilliyi bərpa edildikdən sonra kəşf olunan ilk yataqdır. Strukturun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.

Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir (12 nömrəli istismar quyusu təmirə dayanıb) və bu quyulardan 1250 min kubmetr/gün qaz, 200 ton/gün kondensat hasil edilir. Hazırda “Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır. Quyunun cari ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır.

Вся лента