İsmayıllı Peşə Tədris Mərkəzində “Açıq qapı” günü təşkil edilib

18:38 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. İsmayıllı Peşə Tədris Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində yeni açılan “Üzümçülük və şərab ustası” ixtisasının təqdimatına dair “Açıq qapı” günü təşkil edilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, GİZ-in təmsilçiləri, özəl sektorun nümayəndələri, mərkəzin mühəndis-pedaqoji heyəti, tələbələr və valideynlər iştirak edib.

Tədbirdə çıxış edənlər yeni ixtisaslar üzrə kurikulumların və modulların hazırlanması, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və tələbələrin təcrübə keçməsinin təşkil olunmasından danışıb,  bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili sahəsi üçün müasir kurikulumların, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.

 

Вся лента