Bakı Ali Neft Məktəbinin tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

10.11.2017,10:46


Bakı Ali Neft Məktəbinin (BANM) 20 tələbəsi Türkiyədə 2 ay ərzində təcrübə istehsalat proqramında olublar. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 2 nəfər SOCAR-ın İstanbulda yerləşən baş ofisində, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 14  nəfər və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 1 nəfər İzmirdə “Petkim Petrokimya Holdinq” şirkətində və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 3 nəfər İzmirdə “Star” neft emalı zavodunda təcrübə keçiblər.

Ali Məktəbin rektoru Elmar Qasımov təcrübə proqramından qayıdan tələbələrlə görüş keçirib, tələbələrin həmin dövr ərzində qazandıqları praktiki biliklərlə bağlı məruzəsini dinləyib.

Proqramda iştirak etmiş aktiv tələbələrdən Səidə Ələsgərova və Ləman Sadıqlı hazırladıqları təqdimatla təcrübənin ümumi gedişatı ilə bağlı məlumat veriblər. Təcrübə proqramında Türkiyənin ODTU, İTU, Boğaziçi və digər universitetlərindən olan tələbələr də iştirak edib. Proqramın ilk iki həftəsində tələbələr həm “Petkim”, həm də “Star”da təhlükəsizlik təlimləri keçiblər. Sonrakı həftə isə onlar “Xarizmatik liderin 7 xüsusiyyəti”, “Layihələrin idarə olunması”, “Zamanın idarə olunması” kimi təlimlərdə iştirak ediblər. Proqramın ikinci mərhələsində isə tələbələr sahələr üzrə bölünərək 10 zavod və 3 laboratoriyada olublar.

BANM-in tələbələri təcrübə proqramı ərzində yeni layihələr üzərində çalışıb, sahə üzrə müxtəlif dizaynlar verib və tətbiq ediblər. Ali Məktəbin tələbələri Türkiyədə olduqları müddət ərzində BANM-in digər universitetlərdən fərqləndirən çoxlu üstün cəhətlərinin olduğunu müşahidə etdiklərini bildiriblər. Əlavə olaraq onlar bildiriblər ki, BANM-də hazırlanan gənc mütəxəssislər ekstremal şəraitdə işə uyğunlaşmaqda, adaptasiyada, yenilikləri mənimsəməkdə və problemləri həll etmə tezliyində daha rəqabətə davamlıdırlar. Məhz bunun üçün tələbələr Ali Məktəbin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda Elmar Qasımov tələbələri keçdikləri təcrübə proqramı münasibətilə təbrik edib. Rektor tələbələrin həmin proqramda iştirakı, fəallığı və bilik göstəriciləri ilə bağlı SOCAR, “Petkim” və “Star”-ın rəhbərliyindən onun ünvanına gələn müsbət fikirlərə görə bütün iştirakçılara təşəkkürünü bildirib.

 

 

Ключевые слова: BANM SOCAR Turkey Petkim