Alkoqol idxalçıları həyəcan təbili çalır - rəsmi distribütorlar qaçaqmalçılara görə ziyan çəkirlər

22:06 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Azərbaycanda dövlət tərəfindən görülən tədbirlər, o cümlədən, vergi və gömrük sisteminin islahatı nəticəsində, əsaslandırılmamış vergi yoxlamaları, sanksiyalar, həmçinin, qanuni fəaliyyətin həyata keçirilməsində bütün maneələr aradan qaldırılmışdır.

Alkoqol məhsullarının idxalçıları bəyan edirlər ki, görülən tədbirlər nəticəsində tütün məmulatlarının qaçaqmalçılığı tamamilə aradan qaldırılıb.

Lakin, çox təəssüf ki, alkoqollu içki qaçaqmalçılığı nəinki mövcuddur, hətta tədricən bazarın daha çox hissəsini əhatəyə alaraq, inkişaf etməkdədir.

“İlin əvvəlində aksiz rüsumlarının qaldırılması, butlegerlərin və kontrafakt saxta alkoqol məhsullarının istehsalçıları üçün münbit şərait yaratmışdı və onların gəlirlərinin artmasına səbəb olmuşdu. Bu günkü vəziyyət göz qabağındadır, çünki effektiv idarəetmə mexanizmlərinin olmadığı halda aksiz rüsumlarının qalxması, bu sahədə kölgə biznesinin artmasına gətirib çıxarıb. Nəticə etibarilə zərərçəkənlər idxalçılar və dövlət büdcəsi olmuşdur, istehlakçılar isə, qorxu və risk içində, mənşəyi bilinməyən məhsulu məcburən istifadə etməli olmuşdurlar”, - idxalçılar belə deyir. 

Hazırda rəsmi idxalçılar bazar payını itirirlər, çünki heç bir rüsum və vergi ödəməyən, həmçinin, heç bir əməliyyat xərcləri çəkməyən qaçaqmalçılarla rəqabət apara bilmirlər. Butlegerlər hətta öz məhsullarının üzərinə qeyri-qanuni əldə edilmiş aksiz markaları yapışdırmağa cürət edirlər. Onlar, həm saxta, həm əsl aksiz markalarından istifadə edirlər. 

Mövcud məlumata əsasən, onlar məhsullarını rəsmi idxalçıların təqdim etdiyi qiymətdən 20%, bəzən isə hətta 30% ucuz sata bilirlər, idxalçılar isə, öz növbələrində, mövqelərini qoruyub saxlamağa çalışaraq, ziyana düçar olur, çünki öz məhsullarını ucuz, yəni daha kiçik marja ilə satmağa məcbur olurlar.

Göründüyü kimi, artırılmış qiymət səviyyəsinin düşməsi həmçinin böyük fiskal itkilərinə gətirib çıxarır.

Olduqca təəssüflü haldır ki, saxta məhsulların satışı prosesinə yalnız pərakəndə və topdan satış kanalları deyil, həm də mehmanxana və restoran biznesi də cəlb edilir. Bu da öz növbəsində problemin böyüklüyündən xəbər verir.

Qaçaqmalçılıq məhsullarının bazar payı rəsmi seqmentdən dəfələrlə yüksəkdir.

Ekspertlərin fikrincə, hazırda vergi orqanları monitorinq və əməliyyat tədbirlərinin həyata keçirilməsi zamanı yalnız məhsulların üzərində aksiz markasının olması ilə kifayətlənməməlidirlər, onlar, həmçinin markaların mənşəyini və ümumiyyətlə, markanın müəyyən içkiyə aid olub-olmadığını yoxlamalıdırlar.

“Bu vəziyyətdən yeganə çıxış yolu, ölkədə markalanmış məhsulların marka üzrə uçotunun  tətbiqindən, buna qədər isə,  gömrük sərhəd buraxılış  məntəqələrində nəzarətin gücləndirilməsi, habelə bu kimi qeyri-qanuni fəaliyyəti həyata keçirən şəxslər qrupunun müəyyənləşdirilməsi üzrə əməliyyat tədbirlərinin aparılmasından ibarət ola bilər”, - ekspertlər belə hesab edirlər.

 

Вся лента