“Embafinans” istiqrazlarının 25%-i artıq ikinci bazarda satılıb

13:11 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Azərbaycanın qeyri-bank kredit təşkilatı “Embafinans”ın ikinci bazarda 10,5%-lik istiqrazlarının alqı-satqısı üzrə ilk sövdələşməsi qeydə alınıb.

Şirkətin məlumatında deyilir ki, sövdələşmə çərçivəsində 500 istiqraz nominaldan yuxarı qiymətə, yəni  1014,63 manata satılmışdır.

“Sövdələşmənin məbləği 507,3 min manat təşkil edib. Bu istiqrazlar üzrə faiz dərəcəsi 9% təşkil etmişdir ki, bu da bu qiymətli kağızların investorlar üçün yüksək cəlbediciliyini göstərir”, - məlumatda belə deyilir.

8 oktyabr tarixində “Embafinans” Bakı Fond Birjasında 2 milyon manatlıq istiqrazlar yerləşdirmişdir. Hər birinin nominal dəyəri 1,000 manat olan 2 min istiqraz 365 gün tədavül müddəti və illik 10,5 faiz dərəcəsi ilə buraxılmışdır. Emissiyanın  bütün həcmi bir investor tərəfindən alınmışdır. Yerləşdirmənin anderrayteri “AzFinance” investisiya şirkətidir. İstiqrazların tədavül müddəti 8 oktyabr 2019-cu il tarixində başa çatır.

“Embafinans” 2012-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində qeyri-bank kredit təşkilatı 150 mindən çox müştəriyə təxminən 160 milyon  həcmində kredit verib. Nizamnamə kapitalı 10 milyon manat, gecikmiş kreditlərin payı isə 4,5 faizdir. “Embafinans” son 3 il ərzində mənfəətlə işləyir, 2018-ci ilin üçüncü rübündə 1,5 milyon manat mənfəət qazanmışdır.

 

Вся лента