Azərbaycan və Rusiya nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirirlər

10:36 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Moskvaya  səfər çərçivəsində "Rosatom" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb.

Nazirliyin məlumatında deyilir ki, nüvə elmləri, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi müzakirə olunub.

Nazir bildirib ki, 2014-cü ildən etibarən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsində yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi istiqamətində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyət göstərir. Hazırda Azərbaycanda yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına və tədqiqatların genişləndirilməsinə xüsusi diqqət ayrıldığını, aparıcı ali təhsil müəssisələrində bu sahə üzrə kadrların hazırlanmasına başlanıb”, - nazir belə deyib.

Məlumatda deyilir ki, görüşdə inkişaf etmiş nüvə ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Rosatom” Rusiya Federasiyasının atom energetikası, Atom Elektrik stansiyalarının tikintisi, layihələndirmə, həmçinin müxtəlif innovativ nüvə məhsulları, superkompüterlərin istehsalı, eləcə də, proqram təminatı sahəsində elmi araşdırmalar üzrə ən nəhəng qurumudur. Korporasiya 2017-ci ilin yekunlarına görə, uran ehtiyatlarına görə dünyada 2-ci yeri, hasilatın həcminə görə isə 4-cü yeri tutur. Dünyada nüvə yanacağı bazarının 17%-ni təmin edir.

Вся лента