Caspian Energy Medical Forum keçirilib

16.11.2017,09:16


15 noyabr Bakıda Caspian Energy Forum-un səhiyyəyə həsr olunmuş xüsusi sessiyası (Caspian Energy Medical Forum) təşkil olunub. Biznes-forum Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştiraki ilə keçib.

Biznes-forumda çıxış edən Elsevər Ağayev Caspian European Club-un idarə heyətinin üzvlərini salamlayaraq seçkilər münasibətilə onları təbrik edib. O, Klubla dövlət qurumları arasındakı sıx əməkdaşlığın Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərdiyini xüsusilə qeyd edib. “Bizim qapılarımız Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən iş adamlarının üzünə həmişə açıqdır”, - deyə nazir müavini qeyd edib.

Elsevər Ağayev həmçinin Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, bu günə kimi 875 özəl tibb, 2378 əczaçılıq müəssisəsinə lisenziya verildiyini qeyd edib.

“Özəl müəssisələrin sayının günbəgün artması sevindirici haldır. Biz də öz növbəmizdə bu işə yardım etməyə çalışırıq”, - deyə Elsevər Ağayev bildirib.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev konstruktiv dialoqa, biznesmenlərin, Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinin həllindəki operativ reaksiyaya və fəal iştiraka görə başda nazir Oqtay Şirəliyev və nazir müavini Elsevər Ağayev olmaqla Səhiyyə Nazirliyinə minnətdarlığını ifadə edib.

Telman Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

“Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev söyləyib.

Telman Əliyev qeyd edib ki, Caspian Energy Georgia sentyabr ayından etibarən Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un maraqlarını təmsil edir. O, üçüncü CEO Lunch Tbilisi-nin noyabrın 29-da keçiriləcəyini xatırladıb. Tədbirdə Gürcüstan Hökumətinin üzvlərinin iştirakı gözlənilir. CEO Lunch Tbilisi-nin sponsoru 2017-ci ilin sonuna kimi PASHA Bank Georgia-dır.

“Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin, o cümlədən Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi və enerji blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır”, - deyə Telman Əliyev deyib.

Həmin gün Caspian European Club və Caspian American Club-un idarə heyətinə əsas seçkilər keçirilib.

Mustafa Abbasbəyli Klubun yuxarı rəhbərliyinə minnətdarlıq edib və ona göstərilən yüksək etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib.

O, Caspian Energy Medical Forum-dan bir qədər əvvəl Caspian European Club-un tərkibinə daxil olan Medical Club sahə klubunun qapalı iclasının keçirildiyini deyib. İclasda səhiyyə sahəsində tətbiq edilməsi vacib olan təkliflər və problemlər müzakirə olunub. Şirkətləri maraqlandıran bütün suallar biznes-forumda səsləndirilib, nazir müavini Elsevər Ağayev onları cavablandırıb.

Forumda həmçinin Caspian European Club çərçivəsində sahə klublarının rəhbərləri, tibb klubunun prezidenti Vüqar Eyvazov və maliyyə klubunun prezidenti Anar Bayramov çıxış edərək, iştiraka və Klubun Səhiyyə Nazirliyi ilə təşkil olunmuş ilk görüşünə görə nazir müavininə minnətdarlıq edib.

Biznes-forumda Elsevər Ağayevə Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

Seçkilərin nəticələri ənənəvi CEO Lunch Baku-da açıqlanıb. CEO Lunch Baku-nun fəxri qonağı qismində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Kestutis Yankauskas iştirak edib. CEO Lunch Baku-da “Nərimanfilm” kinostudiyası öz fəaliyyəti və həyata keçirilən layihələri barədə təqdimat keçirib.

Tədbirdə eyni zamanda biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onları həlli ilə bağlı problem və təkliflər dinlənilib.

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyədən olan 100-dən çox biznesmen, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları iştirak ediblər.

 

Ключевые слова: Caspian Energy Medical Forum