Azərbaycanda Torpaq qanunvericiliyinin pozulmasına görə 256 daş karxanasının fəaliyyəti dayandırılıb

13:19 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin istifadəsinin  qanuniliyinə dair daş karxanalarının fəaliyyətinin monitorinqini keçirib.

Dövlət Komitəsinin məlumatında deyilir ki, monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb.

“Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Bundan başqa Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl  karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılmışdır. İnzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

 

Вся лента