Bakıda İCAO-nun Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi keçirilir

15:47 - 4.12.2018


4 dekabr, Fineko/abc.az. Dekabrın 4-5 tarixlərində Bakıda İCAO-nun Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin məlumatında deyilir ki, İCAO-nun Avropada akkreditasiya edilmiş dövlətlərindən və beynəlxalq aviasiya qurumlarından ekspertlərin iştirak etdiyi bu müşavirədə mülki aviasiyada ətraf mühitin mühafizəsi ilə əlaqədar mühüm məsələlər müzakirə ediləcək.

İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Regional Koordinasiya Qrupunun (RCOG) İCAO-nun Paris qərargahında 16-18 may 2018-ci ildə keçirilən müştərək müşavirəsində təsis edilmişdir.

Azərbaycanın mülki aviasiya sahəsi gündəlik fəaliyyətində, həmçinin İCAO, ECAC, CANSO, İATA və digər Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, dövlətimizin ekoloji prioritetlərə əsaslanan iqtisadi inkişafı dəstəkləyən siyasətini tərənnüm edir və ekoloji məsələlərin regional səviyyədə həllində qabaqcıl rol oynayır.

Qeyd edilməlidir ki, İCAO Baş Assambleyasının 39-3 saylı Qətnaməsində üzv dövlətlərin “Ətraf Mühitin Mühafizəsində Qlobal İqtisadi Tədbirlər” birgə bəyannaməsinin həyata keçirilməsi məqsədilə Azərbaycanın da 44 dövlət sırasında üzv olduğu Avropa Mülki Aviasiya Konfransı (ECAC) 3 sentyabr 2016-ci il tarixdə “Beynəlxalq Aviasiyada Karbon Qazının Azaldılması və Kompensasiyası Sxemi (CORSIA – Carbon Offseting and Reduction Scheme for International Aviation)” kontekstində Bratislava Bəyannaməsini dəstəkləmişdir. Bəyannaməyə əsasən 2020-ci ildən başlayaraq milli aviadaşıyıcılar yerinə yetirdikləri uçuşlardan ətraf mühitə karbon emissiyalarının miqdarı barədə Dövlət Səlahiyyətli Aviasiya Orqanlarına və onlar öz növbəsində İCAO-ya illik hesabatlar verməklə öhdəlik daşıyacaqlar.

İCAO Baş Assambleyasının digər 39-2 saylı Qətnaməsinə əsasən üzv dövlətlərə könüllü olaraq “Emissiyaların Azaldılması Tədbirlər Planı”nın hazırlanması və həmin Dövlət Planının hər 3 ildən bir yenilənməsi tövsiyə olunmuşdur.

Ətraf mühitin mühafizəsi çərçivəsində İCAO-nun fəaliyyəti aviasiya texniki komissiyası və aviasiya ekspertlərindən ibarət regional işçi qruplar vasitəsilə həyata keçirilir.

Bu strukturda fəaliyyət İCAO-nun yeni standartlarının və tövsiyələrinin (SARP – Standards and Reccomended Practicies) formalaşdırılması və qəbul edilməsində, ətraf mühitin mühafizəsi ilə əlaqədar beynəlxalq tələblərin həyata keçirilməsi üzrə məsələlərin ekspert səviyyəsində həlli yollarının araşdırmasında, müvafiq qərarların qəbul edilməsində və bu istiqamətdə İCAO-ya üzv dövlətlərə yardım edilməsində bilavasitə rol oynayır.

 

Вся лента