Azərbaycanda ilk dəfə olaraq, 278 sosial mənzil güzəştli şərtlərlə satılıb

16:17 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Dekabrın 5-də Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal yaşayış kompleksində təklif olunan mənzillərə dair müqavilələr bağlayıb.

MİDA-nın məlumatında deyilir ki, seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatmışdır.

“Güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlmişdir. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlandı. Belə ki, 1 otaqlı mənzil üçün 26 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olmuşdur),2 otaqlı mənzil üçün 42 896 manat (endirimdən əvvəl bu məbləğ 47 661 manat olmuşdur),3 otaqlı mənzil üçün 59 405 manat (endirimdən əvvəl bu məbləğ 66 006 manat olmuşdur) ödəniş etmişdir.

Həmçinin, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunmuşdur. Həmin şəxslərdən 39%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olmuşdur. Nəticədə 1 otaqlı mənzil üçün aylıq ödəniş 88 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunmuşdur),2 otaqlı mənzil üçün aylıq ödəniş 135 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 203-236 manat aylıq ödəniş qeyd olunmuşdur),3 otaqlı mənzil üçün aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 282-288 manat aylıq ödəniş qeyd olunmuşdur) başlayır.

 

Вся лента