Nar şirələri, mineral sular və konservləşdirilmiş məhsullar “Made in Azerbaijan” markası altında Rusiyaya tədarük ediləcək

11:19 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Sankt-Peterburq şəhərinə Azərbaycanın ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi,  missiyaya,  meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndələri daxil olmuşdur.

“İxrac missiyası Sankt-Peterburqda keçirilən “Peterfood” Qida Sərgisində, həmçinin sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda iştirak edib. Həmçinin, Rusiyanın iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlər keçirilib”, - məlumatda belə deyilir.

Qeyd olunur ki, “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distribütor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distribütorluq məsələlərini  müzakirə ediblər.

Görüşün yekununda tərəflər  “Made in Azerbaijan” markası ilə yerli məhsulların, xüsusilə, nar şirəsi, mineral sular və konservləşdirilmiş məhsulların  tədarükü haqqında ilkin razılaşmaya gəldilər.

 

 

Вся лента