Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı ilə əməkdaşlığı genişləndirir

12:12 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. 15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasınının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev qonaqları salamlayaraq bu cür görüşlərdə müzakirələrin əhəmiyyətini və həm dövlət idarəçiliyi, həm də peşəkar və ictimai fəaliyyət baxımından böyük qarşılıqlı faydasını vurğuladı.

Komitə sədri bildirdi ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdən biridir. O, ölkə rəhbərliyinin tapşırıqlarına əsasən son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verdi.

Sədr vurğuladı ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə və, eyni zamanda, aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir. O, bildirdi ki, 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consalting Group” şirkətini əməkdaşlığa cəlb etmişdir. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılımış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanmış, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilmişdir.

Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunmuşdur. Samir Nuriyev tender komissiyasında Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakını yüksək qiymətləndirdi. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunması planlaşdırılır. Daha sonra Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsi başlayacaq.

Ötən il, həmçinin, Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılmışdır, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir şəhərlərinin baş plan layihələrinin hazırlanmasına start verilmişdir.

Samir Nuriyev, Komitəyə iş adamları tərəfindən baxılmaq üçün təqdim olunan yeni şəhərsalma layihələrinin müvafiq qanunvericiliyin tələblərinə cavab verməsi baxımından dəyərləndirilməsi işinin təşkili barədə də məlumat verdi. Komitənin bu istiqamətdə işinə və, eyni zamanda, Dövlət şəhərsalma nəzarəti çərçivəsində fəaliyyətinə toxunan sədr ərazi planlaşdırılması sənədlərinin və memarlıq həllərinin işlənməsində ilk növbədə layihəçilərin böyük məsuliyyətini vurğuladı. O qeyd etdi ki, layihələndirmə sahəsində işin keyfiyyəti artırılmalı, şəhərsalma normalarına və müvafiq qanunvericiliyin bütün tələblərinə riayət olunmaya ciddi nəzarət edilməlidir.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək memarlarla görüşün təşkilinə görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirdi və bu iclası hər iki qurum arasında gələcək məhsuldar əməkdaşlığın başlanğıcı kimi dəyərləndirdiyini qeyd etdi. O, vurğuladı ki, sıralarında ölkənin aparıcı peşəkarlarını cəmləşdirən Memarlar İttifaqı tərəfindən Komitənin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcək, Azərbaycanın dövlət siyasətinə uyğun olaraq paytaxt və digər şəhərlərinin sistemli və dayanıqlı inkişafının təmin olunmasında iştirak etmək məqsədilə qurumun və üzvlərinin bütün potensialı səfərbər olunacaq.

Görüş çərçivəsində, memarlar tərəfindən fəaliyyəti ilə bağlı səsləndirilmiş müxtəlif məsələlər ətrafında geniş müzakirələr, şəhərsalma və memarlıq sahəsində gələcək ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

Вся лента