Əsrin müqaviləsinə ilin əvvəlindən etibarən 1,2 milyard dollar sərmayə qoyulub

16:42 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşli yataqlar blokundan 160 milyon bareldən (22 milyon ton) çox neft hasil olunub.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin  məlumatında deyildiyi kimi, hesabat dövrü ərzində “Çıraq” (52 000), “Mərkəzi Azəri” (133 000), “Qərbi Azəri” (120 000), “Şərqi Azəri” (80 000), “Dərin sulu Günəşli” (119 000) və “Qərbi Çıraq” (81 000) platformalarından orta sutkalıq neft hasilatı 585 min barel təşkil etmişdir.

Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılmışdır.

“2017-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə 339 milyon dollardan artıq əməliyyat məsrəfləri və təxminən 890 milyon dollar əsaslı məsrəflər xərclənmişdir”, - məlumatda belə deyilir.

AÇG yataqlar blokunun  işlənməsi  və hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında imzalanıb. 14 sentyabr 2017-ci il tarixində müştərək işlənmə və pay bölgüsü haqqında  yeni saziş imzalanıb. Yeni müqaviləyə əsasən, “BP”nin 30,37%, “AzACG”nin (SOCAR) - 25,00%, “Chevron”un - 9,57%, “Inpex”in - 9,31%, “Statoil”un - 7,27%, “ExxonMobil”in - 6,79%, “TP”nin - 5,73%, “Itochu”nun - 3,65%, “ONGC VideshLtd”in isə (OVL) pay bölgüsü 2,31% təşkil etmişdir.

 

Вся лента