Azərbaycan BMK-nın dəstəyi ilə bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə başlamağı planlaşdırır

17:59 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə təkliflər təqdim edəcək.

Energetika nazirliyindən verilən məlumata əsasən, bu razılaşma, Bakıda keçirilən görüş zamanı Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyevlə  BMK-nın Qafqaz və Rusiya üzrə regional direktoru Yan Van Bilsen arasında əldə edilib.

“Korporasiya müxtəlif ölkələrdə bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsinə özəl sektorun cəlb edilməsi, hərracların keçirilməsi üzrə zəngin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Həmçinin, bərpa olunan enerji mənbələrindən istifadənin bazar mexanizmləri əsasında inkişafı, istehsalçılar arasında rəqabət mühitinin yaradılması və bu sahədə özəl şirkətlərin iştirakına təminat verilməsi vacibdir”, - bunu Yan Van Bilsen deyib.

Nazir müavini Samir Vəliyev bildirib ki, ölkə bərpa olunan enerji mənbələri sahəsində qanunvericiliyin və enerji bazası haqqında qanun layihəsinin hazırlanması üçün müxtəlif beynəlxalq təşkilatlarla və özəl və dövlət sektorunun nümayəndələri ilə əməkdaşlıq edir.

Görüşün sonunda tərəflər bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrin həyata keçirilməsi üçün təkliflər hazırlamaq barədə razılığa gəliblər.

 

Вся лента