Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi uğurla davam edir

22.11.2017,09:52


Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti,  BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın  Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbi uğurla davam edir. Dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  may ayında açılan BANM-in yeni kampusunda Layihə İdarəetmə Məktəbinin hər iki qrupunun növbəti modulları - “Layihə rəhbərləri üçün keyfiyyət” və “Risklərin İdarə edilməsi” təlimləri keçirilib.

“Stream 16” qrupuna keçirilən “Layihə rəhbərləri üçün iş keyfiyyəti” kursunu Stratex şirkətinin ən peşəkar təlimçilərindən olan Con Pelham keçib. Kurs zamanı iştirakçılara layihə keyfiyyət idarəçiliyi, layihə keyfiyyətini planlaşdırma, layihə keyfiyyətinə təminat, layihə keyfiyyətinə nəzarət kimi mövzularda təlim keçilib və onlar bu istiqamətdə çoxlu fikir mübadiləsi və qrup çalışmaları ediblər.

Eyni gündə “Stream 17” qrupuna Stratex şirkətinin xüsusi peşəkarlığı ilə seçilən  təlimçisi Didye Estibal  “Risklərin İdarə edilməsi” kursunu keçib. İştirakçılar bu kursda layihə risklərini idarə etmək üçün praktiki və səkkiz pilləli prosesdən istifadə, təhlükə və imkanları müəyyən etmək və onların layihədəki nisbi qiymətini müəyyən etmək, məhdud strategiyalardan istifadə etməklə çoxsaylı risklərə nəzarət  etmək kimi aidiyyatı mövzuları mənimsəyiblər.

Sonda BANM-in rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin “Stream 16” qrupunun iştirakçılarına ilk üç kursu bitirməkləri  və layihə idarəetməsi üzrə əsas baza təlimləri başa çatdırmaları münasibətilə Amerikanın Corc Vaşinqton Universitetinin və İngiltərənin Stratex şirkətinin birgə “Associate’s Certificate in Project Management” sertifikatlarını təqdim edib.

 

Ключевые слова: Ali Neft Məktəbi BANM