Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub.

04.02.2019,10:34


4 fevral, Fineko/abc.az. Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olub.

Qonaqlara Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.

Qonaqlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş  və investisiya məmləği 40,3  milyon manat təşkil edən Balaxanı Sənaye Parkında qeydiyyata alınmış 15 rezidentdən 7-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Qeyd olundu ki, hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur.

Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda da olublar. Məlumat verilib ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 11 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur.

Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə qonaqlara məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş 2.8 mln. m3 dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.

Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Təmiz Şəhər” ASC-nin fəaliyyətini, yüksək qiymətləndirib, tullantıların idarəolunması sahəsində Azərbaycan təcrübəsinin öz ölkəsində tətbiqinin faydalı olacağını vurğuladı.