330x110
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Caspian European Club biznes-forum keçirəcək

05.02.2019,11:21


5 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Caspian European Club 2019-cu il fevralın 13-də Bakıda birgə biznes-forum keçirəcək. Biznes-foruma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sədrlik edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunur. Bu təşəbbüs Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində qaldırılan məsələ və təkliflərin müzakirəsi nəticəsində irəli sürülüb.

Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsinə aid məsələlər üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. Əsas diqqət informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən islahatların nəticələrinə, yaxın illərdə inkişaf perspektivlərinə yönəldiləcək. Forum çərçivəsində həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və şəxsən Ramin Quluzadə “biznes-hakimiyyət” dialoqunda fəal iştirak edir və şirkətlərin səsləndirdikləri bütün təklif və xahişlərə operativ münasibət bildirirlər. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev deyib.

Biznes-forumda Caspian European Club-un saytında (www.caspianenergy.org ) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Goup-un fəal işirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı  və ilk sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
*Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.