Azərbaycan Rusiya ilə ixtisaslaşdırılmış avtomobil istehsalına 14 milyon manat sərmayə yatırıb

16:08 - 9.02.2019


9 fevral, Fineko/abc.az. Bu gün Hacıqabul sənaye məhəlləsində “Azərmaş” və Rusiyanın “Gaz Group” şirkətləri tərəfindən kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun təməlqoyulma mərasimi keçirilib.

“Azərmaş” ASC-in İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu layihə ölkədə aparılan sənayeləşmə siyasətinin davamıdır.

“Birinci mərhələdə zavodda 100 nəfərədək işləyəcək, zavodun illik gücü ildə 1 min avtomobil təşkil edəcək, ilk mərhələdə 600-ə qədər avtomobil istehsal olunacaq”, - deyə E. Axundov bildirib.

Onun sözlərinə görə, zavodun ümumi investisiya dəyəri 14 milyon manat həcmində qiymətləndirilir və bu məbləğ “Azərmaş” ASC tərəfindən tamamilə təmin olunub. Birinci mərhələdə zavodda əsas materialların istehsalı  planlaşdırır,  gələcəkdə isə kommersiya və xüsusi nəqliyyat vasitələrinin istehsalı başlayacaq. İstehsal edilən məhsullara yerli bazarda böyük tələbat var ki, bu da böyük satış həcmlərini proqnozlaşdırmağa imkan verir.

“Azərbaycanda kommersiya və ixtisaslaşdırılmış avtomobillərə olan illik daxili tələbat təxminən 1000 avtomobili təşkil edir. Biz,  istehsalımız hesabına tələbatın 50%-60%-ni ödəməyi planlaşdırırıq. Yerli istehsalın təşkili həmçinin bu avtomobillərin qiymətinin, istehsal və idxal dəyərinin azaldılması hesabına 25-30% endirilməsini təmin edəcək”, - E.Axundov bildirib.

Onun sözlərinə görə, zavodu 2020-ci ilin sonunda istismara vermək planlaşdırılır.

2018-ci ilin sentyabr ayında “Gaz Group” və "Azərmaş" şirkəti Azərbaycanda avtomobil və avtobusların yığılmasına dair saziş imzalayıblar. Razılaşma çərçivəsində, Azərbaycanın ərazisində QAZ markalı kommersiya nəqliyyat vasitələrinin, həmçinin LiAZ və Vektor NEXT avtobuslarının yığılması üzrə müəssisənin yaradılması planlaşdırılır.

Müqaviləyə əsasən, Azərmaş Hacıqabul şəhərində yüngül kommersiya vasitələrinin və avtobusların yığılması üzrə zavod tikəcək. Texnikanın istehsalının başlaması 2019-cu ilin sonuna planlaşdırılır. Birinci mərhələdə, QAZel NEXT, QAZon NEXT avtomobilləri, həmçinin QAZel BİZNES və Sobol BİZNES avtomobilləri və onların tam intiqallı versiyaları daxil olmaqla, QAZ avtomobillərinin istehsalına başlamaq planlaşdırılır. İkinci mərhələdə, Vektor NEXT və LiAZ avtobuslarının istehsalı başlayacaq. QAZ avtomobillərinin bazasında, gələcəkdə bələdiyyə xidmətləri, təcili tibbi yardım maşınları və məktəb mikroavtobusları üçün nəqliyyat vasitələrinin müxtəlif variantları istehsal olunacaqdır.

 

Вся лента