“UNEC-100” - Strateji idarəetmə

10:45 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyinə qədər daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmağı hədəfləyib.

Bu məqsədlə “UNEC-100” İnkişaf Strategiyasında strateji idarəetməni tam şəkildə təmin etmək üçün  stratefi hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. 2030-cu ilə qədər UNEC-də insan resursları, maliyyə resursları və informasiya resurslarının idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, həmçinin idarəetmə strukturunu optimallaşdırmaq nəzərdə tutulub.

Strategiyada insan resurslarının idarəetməsində səmərəliliyin əldə olunması üçün akademik və inzibati heyətin formalaşdırılması, onların vəzifə təlimatlarının hazırlanması, peşəkar hazırlıqlarının inkişaf etdirilməsi, məmnunluq səviyyəsinin davamlı nəzarətdə saxlanılması fəaliyyət istiqamətləri kimi təsbit olunub. Eyni zamanda əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi, əmək haqlarının artımının infilyasiya səviyyəsinə uyğunlaşdırılması, karyera yüksəlişində performans göstəricilərinin nəzərə alınması da bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlər sırasındadır.

Strategiyaya əsasən, UNEC maliyyə resurslarının idarəedilməsində səmərəliliyi yüksəltmək məqsədilə universitetin maliyyə mənbələrinin diversifikasiya edilməsi və artırılmasını, sərbəst maliyyə resurslarının səmərəli investisiyalara yönəldilməsini, təhsil haqlarının müəyyən edilməsində sərbəstliyin əldə olunmasını, maliyyə resurslarının idarəedilməsində fakültələrinin rolunun artırılmasını 2030-cu ilədək fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirib. Buraya həmçinin, UNEC Tədqiqat Fondunun inkişaf etdirilməsi, UNEC İanə Fondunun təsis olunması, Daxili və kənar audit mexanizmlərindən geniş istifadə edilməsi də daxil edilib.

UNEC-də İdarəetmənin İnformasiya Sisteminin qurulması, elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi, mobil tətbiqlərin dəstəklənməsi, “online” xidmətlərin çoxaldılması, ödənişsiz Wi-fi sahələrinin yaradılması, “Scopus” və “Ebsco” kimi elmi bazalara çıxışın təmin edilməsi informasiya resurslarının idarəedilməsində səmərəliliyin yüksəldilməsində fəaliyyət istiqamələri kimi seçilib.

İnkişaf Strategiyasında UNEC-in 100 illik yubileyinədək universitetdə inzibati idarəetmə strukturlarının funksionallığının təmin olunmasının, meqafakültələrin formalaşdırılması prosesinin, eləcə də, kafedraların departament sisteminə keçidinin tamamlanması nəzərdə tutulub.

Вся лента