Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri CEO Lunch Baku-nun fəxri qonağı olub

16:26 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov  Caspian European Club-un 2019-cu il fevralın 20-də “Hyatt Regency Baku” otelində təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Tədbirin əvvəlində Cahan Sənaye Kompleksi MMC tərəfindən "MAGNA" markasının tanıtım filminin nümayişi keçirilib və  PAŞA Sığorta şirkətinin İdarə Heyəti Sədrinin müavini Tural Əliyev “Azərbaycanda zəlzələ riski və sığortası” mövzusunda çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov  çıxış edib. Qonaq Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Mənzil İnşaatı  Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Biznes-forumda Sadiq Sadıqova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.  

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Вся лента