Azərbaycan Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib

12:03 - 23.11.2017


23 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun  rəhbərlik etdiyi nümayəndə heyəti  Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.

Komitədən verilən məlumata əsasən, iclas zamanı Komitənin sədri ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün aparılan islahatlar, qeyri-neft ixrac potensialının artırılması və ticarətin liberallaşdırılması barədə məlumat verib.

“Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir”, - R.Həsənov belə deyib.

Məlumatda bildirilir ki, Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.

 

Вся лента