“Azexport.az” portalına daxil olan ixrac sifarişləri 12,5 faiz artıb

17:25 - 1.03.2019


1 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilirki, yanvarda “Azexport.az” portalına 91,7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Qeyd olunur ki, ötən ilin müvafiq ayı ilə müqayisədə cari ilin yanvarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 12,5 faiz artıb. Ümumilikdə isə 2017-ci ilin yanvarından bu il yanvar 31-dək “Azexport.az” portalına dünyanın 118 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 milyard 80,8 milyon dollar təşkil edib.

Yanvarda portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (19,8 faiz), Rusiya (16,3 faiz), ABŞ (10,5 faiz), Hindistan (4,7 faiz) və Ukrayna (4,7 faiz) qərarlaşıb. Ay ərzində portala ən çox soğan, fındıq ləpəsi, pomidor, alma, pambıq yağı, toyuq yumurtası, meyvə şirəsi, tütün, tikinti materialları, şərab, konservləşdirilmiş ət, qənnadı məhsulları, mühərrik yağı, mebel dəsti, nar şirəsi, kosmetik vasitə və sair məhsullar üzrə sifarişlər daxil olub.

Вся лента