Sərgilər yeni müştəri axtarışında səmərəli vasitədir

10:51 - 6.03.2019


6 mart, Fineko/abc.az. Cari ilin aprel ayında növbəti sərgi mövsümü start götürür. Bu il sərgi və konfrans təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri Azərbaycan Respublikası dövlət strukturlarının dəstəyi ilə 24 sərgi keçirməyi planlaşdırır.

Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu iqtisadiyyat, texnologiya və digər sahələrin inkişafı ilə şərtlənir. Belə tədbirlər sənaye təmayülləri, rəqib şirkətlər və uğura nail olmaq üçün nə etmək lazım olduğu barədə aydın təsəvvür yaradır. Sərgilər bu və ya digər məhsul, yaxud xidmət barədə məlumat verməklə yanaşı, istehsalçı ilə istehlakçını birbaşa görüşdürən yeganə reklam üsuludur. Sərgilərin səmərəli cəhəti həm də vaxta qənaətdir, çünki sərgi 3-4 gün ərzində bir platformada sənayenin aparıcı iştirakçıları ilə görüşlər keçirmək, danışıqlar aparmaq və faydalı işgüzar tanışlıqlar qurmaq üçün unikal imkanlar yaradır.

Azərbaycanda ticarət-sənaye sərgiləri yeni müştərilər və satış bazarları axtarmaq, eləcə də satışın coğrafiyasını genişləndirmək üçün effektiv vasitədir və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına, o cümlədən investisiya axınının artmasına kömək edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin bir sıra aparıcı sərgilərin hər il ziyarət etməyi ölkədə ixtisaslaşmış sərgilərin əhəmiyyətini və ölkə rəhbərliyi tərəfindən bu tədbirlərə göstərilən diqqəti əyani şəkildə əks etdirir.

Bu il dörd irimiqyaslı sərgi: 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiyalar və Yüksək texnologiyalar “Bakutel” sərgi və konfransı, eləcə də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf mühit “Caspian Ecology” sərgiləri öz ildönümlərini qeyd edir. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilər ilə bağlı xüsusi tədbirlər proqramı nəzərdə tutulub.

Bundan başqa, “BakuBuild”, “bakutel”, “Securex Caspian” və “EduExpo” kimi bir sıra ənənəvi sərgilər 2019-cu ildə rebrendinq prosesindən keçməklə, yeni imic qazanıb. Loqotiplərin yeni korporativ dizaynı layihənin innovativliyini və dinamikliyini əks etdirir.

Sərgi mövsümü 4-6 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək Turizm və Səyahətlər “AITF” sərgisi ilə açıq elan ediləcək. Ənənəvi olaraq, sərgi dünyanın 30-dan artıq ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturlarını bir araya gətirəcək. Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çexiya Respublikası kimi ölkələr sərgidə öz milli stendləri ilə çıxış edəcək. Bu il sərgidə ölkəmizin turizm potensialını həm xarici qonaqlara, həm də daxili turizm nümayəndələrinə nümayiş etdirəcək Azərbaycan stendi də iştirak edəcək. Sərginin daimi iştirakçısı - Dominikan Respublikası Turizm Nazirliyi öz turizm imkanlarını “AITF” sərgisinin ziyarətçilərinə daha aydın şəkildə təqdim etmək məqsədi ilə bu il ilk dəfə olaraq tədbirin sponsoru qismində çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Sərgi təşkilatçıları qonaqlar və iştirakçılar üçün “Tarixə və Nəsimi yaradıcılığına səyahət” təşkil etməklə, “AITF” sərgisi çərçivəsində bu tədbiri qeyd etmək qərarına gəliblər.

Daha sonra sərgi mövsümü “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian”, Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus”, 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power”, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgiləri ilə davam edəcək. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı bu il “Bilgah Beach” otelində keçiriləcək. Plenar sessiyanın mövzusu “Sinerji – qlobal inkişafa aparan yol; Enerji təhlükəsizliyi və sabitliyə doğru” olacaq.

Üç sərgi – 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian” sərgisi, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi “Road & Traffic” sərgisi və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi “Kater və Yaxtalar” sərgisi 11-13 iyun 2019-cu il tarixində yaz sərgi mövsümünə yekun vuracaq. Sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Həmçinin bu il bir sıra layihələr üçün debüt ilidir. Belə ki, 6 aprel tarixində start götürən “Fərqli Fərdlər” konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzulara toxunulan 4 panel təqdim olunacaq: Autizm spektr pozuntusu (ASP), Diqqət çatışmazlığı sindromu  və hiperaktivlik sindromu (DÇHS), Turett sindromu və Daun sindromu. Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, psixi pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə məlumat verəcək insanlar yer alacaq. Həmçinin konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf xüsusiyyətləri olan insanlar ilə iş üzrə mütəxəssislər də iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin BP və Shokki Mokki kimi şirkətlər tərəfindən dəstəklənir.

Təşkilatçıların portfelinə daxil olan daha bir yeni layihə isə 6-7 noyabr tarixində “Fairmont” otelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi innovasiyalar “MEDINEX 2019” sərgi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal  səhiyyə sektorunun müxtəlif mütəxəssislərini bir araya gətirməkdir.

Azərbaycanda keçiriləcək bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Belə ki, sərgi iştirakçıları ilə yerli istehsalçılar və distribyutorlər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlər eksponentlərə potensial tərəfdaşlar, sifarişçilər ilə görüşmək üçün əlavə imkan yaradacaq. Sərgilərin açılışından xeyli əvvəl iştirakçılara sərgilərdəki bütün resurslar və imkanlardan səmərəli şəkildə istifadə olunmasında köməklik etmək üçün işgüzar səhər yeməyi ənənəsi davam etdiriləcək. “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan aşpazları çempionatı, Barbekyu çempionatı və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad-dərsləri ilə əlamətdar olacaq Azərbaycan Aşpazlarının 2-ci konqresinin keçirilməsi planlaşdırılır. Təşkilatçılar sərgilərin veb-saytlarında ziyarətçilərə bir sıra üstünlüklər – sərgilərdə iştirak, əlavə tədbirlər proqramı və digər tədbirlər barədə ətraflı məlumat əldə etmək imkanı verən “Şəxsi kabinet”dən fəal istifadə etməyi tövsiyə edirlər.

Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssisləri üçün qısa müddət ərzində xeyli aktual və faydalı məlumatlar əldə etməyə, biznesdə yeni istiqamətlər tapmağa, etibarlı tərəfdaşlar ilə görüşməyə, eləcə də yeni şirkətlərdə Xəzəryanı regiona maraq yaradaraq onları bu regiona cəlb etməyə imkan yaradacaq.

 

Вся лента