“Microsoft” Azərbaycanda “kibertəhlükəsizlik həftəsi” keçirir

12.03.2019,10:15


12 mart, Fineko/abc.az. “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu gün Bakıda Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” öz işinə başladı. Kibertəhlükəsizlik sahəsində səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, texniki hazırlığın yüksəldilməsi məqsədi ilə keçirilən həftə 11 – 15 mart 2019-cu il tarixlərinə planlaşdırılıb.

Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başladı.   Seminarın açılışında iştirakçıları salamlayan “Microsoft Azerbaijan” şirkətinin rəhbəri Sərxan Həşimov qeyd etdi ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır.

“Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - Sərxan Həşimov dedi.

“Microsoft” şirkətinin təşkil etdiyi seminarın gündəliyi və mahiyyəti barədə danışan Microsoft Azerbaijan şirkətinin Strateji texnologiyalar üzrə baş Mütəxəssis Qaçay Mirzəyev qeyd edib ki, kibertəhlükəsizlik çox geniş mövzudur və buna görə də seminar əsasən analitik təhlillərdən və müxtəlif həllərin nümayişindən ibarətdir.

“Microsoft şirkəti gündə bir neçə dəfə kibertəhlükəsizlik analitik hesabatı hazırlayır. Bu hesabatda gündəmdə olan kibertəhlükələrdən məlumatlar, eyni zamanda sırf Azərbaycanla bağlı çox vacib, infeksiya xəritəsi nümayiş olunur. Təəsüflər olsun ki, ölkəmizdə kibertəhlükələr və infeksiyalar artmaqda davam edir və bunun müxtəlif səbəbləri var. Kibertəhlükəsizliyi ənənəvi qaydada artıq idarə etmək mümkün deyil, “Microsoft” seminar çərçivəsində hazırladığı daha müasir və mərkəzləşdirilmiş kibertəhlükəsizlik həllərini nəzəri qaydada iştirakçılara təqdim edəcək. Seminar boyunca həmçinin monitorinq məsələləsinə toxunulacaq, ən zəif yer olan - login və parolların mühafizəsindən danışılacaq, mobil telefonların korporativ mühitdə düzgün istifadəsi sahəsində ən yaxşı təcrübələr nümayiş olunacaq, xakerlər tərəfindən müəssisədən məlumatların oğurlanmasının qarşısını almaq üçün hazırlanmış həllər nümayiş olunacaq”, - deyə Qacay Mirzəyev bildirib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Kibertəhlükəsizlik həlləri üzrə Seminar”, “Regional İnternet İdarəçilik Forumu”, “Uşaqların İnternetdə Təhlükəsizliyi”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək. Microsoft şirkətini

Forumda Mərkəzi və Şərgi Avropa ölkələrinin Proqram Aktivlərinin İdarəetməsi və Uyğunluq üzrə Regional Direktor Laurent Signoret təmsil edəcək.

Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələr nümayiş edilib. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri də iştirak edib.

14 mart tarixində “Microsoft Azərbaycan”, “Təhsil Nazirliyi” və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” seminarı keçiriləcək.

Məktəblilər, valideynlər və müəllimlərə uşaqların internetdə təhlükəsizliyini təmin etmə üsulları və vasitələri barədə məlumat veriləcək.

Sonuncu və önəmli tədbir “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” , “Dövlət Təhlükəsizlik Xidməti” və “Elmlər Akademiyası” tərəfindən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Microsoft şirkətini Seminarda Azərbaycan üzrə Baş Direktor Sərxan Həşimov təmsil edəcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Ключевые слова: Microsoft