“AccessBank” səhmdarların strukturunun dəyişdirilməsi prosesini tamamladı

11:55 - 14.03.2019


14 mart, Fineko/abc.az. “AccessBank” səhmdarların strukturunda dəyişiklik haqqında elan edib.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov mətbuat konfransında bankın kapitalının artırılması prosesinin başa çatdığını bildirib.

“15 noyabr 2018-ci il tarixində bankın mövcud səhmdarı və kreditorları AccessBank-ın kapital mövqeyinin gücləndirilməsi haqqında Razılaşma imzaladılar. 28 fevral 2019-cu il tarixində isə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıqda bank yeni səhmdarlar üçün yeni səhmlərin verilməsi, habelə mövcud səhmlərin yeni səhmdarlara paylaşdırılması da daxil olmaqla 118,5 milyon AZN məbləğində kapitalın artırılmasını uğurla başa vurub”, -deyə A.Həsənov bildirib.

Onun sözlərinə görə, yeni səhmdarlar Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG Maliyyə İnkişafı İnstitutu, responsAbility Investments, EFSE, Symbiotics SICAV və GGF tərəfindən idarə olunan Avropa İnvestisiya Fondlarıdır.

“AccessBank yalnız əlavə sərmayə hesabına deyil, həm də, Avropa İttifaqının, İsveçrə, Avstriya, Hollandiya və Asiya İnkişaf Bankının üzvü olan digər ölkələrin, eləcə də Avropadan  olan özəl investorları təmsil edən yeni beynəlxalq səhmdarlar meydana gəlməsi hesabına güclənir” , -deyə A.Həsənov bildirib.

Bankın sədri deyib ki, bankın nizamnamə kapitalını artırmaq üçün 118,5 milyon manat yönəldikdən sonra səhm kapitalı 258 milyon manat təşkil edəcək. II səviyyənin kapitalı, subordinasiya borc alətləri vasitəsilə 22 milyon manat artırılacaq və gələcəkdə lazım olduqda istifadə olunacaq şərti kapital üçün əlavə 22 milyon manat ayrılacaq. Yeni investorlarla birlikdə, AccessBank kredit portfelini aktiv şəkildə artırmağı planlaşdırdığı və daha yüksək gəlirlilik səviyyəsinə nail olmaq üçün dörd illik strateji inkişaf planı hazırlanmışdır.

“Bank, mikro, kiçik və orta biznesin dəstəklənməsi üzrə missiyasını davam etdirəcək və bu sahələrin inkişafında fəal iştirak edəcəkdir. Kapitallaşma prosesi Banka lazımi resursları təmin edəcək və AccessBank-a müştərilərinin artan maliyyə ehtiyaclarını ödəməyə imkan verəcəkdir. Bununla yanaşı, səhmdarların yeni strukturunu əks etdirən yeni Müşahidə Şurası yaradılacaq və bu barədə bank tezliklə ətraflı məlumat verəcək”, - A.Həsənov belə deyib.

Yeni səhmdar strukturu aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı - 19,90%;

- Avropa İnvestisiya Bankı - 17,39%;

- Beynəlxalq Maliyyə Korporasiyası - 16,56%;

responsibility tərəfindən idarə olunan investisiya fondları:

- responsAbility SICAV (Lux) - 2.91%

- responsAbility Management Company S.A. - 7.11%

- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;

- Avstriya İnkişaf Bankı - 9,17%;

- SIFEM AG - 8.89%;

- EFSE - 2,78%

- Symbiotics SICAV (Lux.) - 2.27%

- GGF - 1,77%

- LFS Advisory GmbH - 1,27%

- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0,58%

 

Вся лента