Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək

24.11.2017,15:17


Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisarların yaradılması” layihəsinin nəticələrini elan etməkdən məmnunluq duyur.

Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək olub.

“British Council” təşkilatı tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində aşağıdakı sahələr üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb:

 

  • bağçılıq (3 modul: bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar);
  • bitkiçilik (5 modul: taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın yetişdirilməsi);
  • kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (4 modul: maşınmexanizmlərə texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması)

 

Layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan qırx yerli ekspert və təlimçi modulların hazırlanması və modullu tədris metodları üzrə təlim alıb.

Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları aşağıdakı sahələr üzrə əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş ediblər:

 

  • Tərəvəzçilik (3 modul: meyvəli tərəvəzlər; yarpaqlı və meyvəköklü tərəvəzlər (bostanda becərilmə); xüsusi bitkilər, çay və dərman bitkiləri)
  • Meyvəçilik (4 modul: almakimilər; çəyirdəkli meyvələr; giləmeyvələr; yabanı meyvələr və qozkimilər)

 

Layihənin bu növbəti mərhələsi 2018-ci ilin iyun ayında tamamlanacaq.

Buna görə də, 461.000 AZN təşkil edən yekun büdcə (358.000AZN ilkin büdcə üstəgəl əlavə 103.000AZN) çərçivəsində 19 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq və yuxarıda qeyd edilmiş sahələr üzrə 40 nəfər ekspert və təlimçi yetişdiriləcək.