MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

10:11 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsi nəticəsində Bakının Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 12 çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.

Müsabiqənin qalibi “Kristal Abşeron MTK” investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanan və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikinti işlərini aparmaq imkanını əldə edir.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı 3 otaqlı, 27-si 4 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin təqribən 40 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

“Kristal Abşeron MTK” MİDA tərəfindən cəlb olunmuş artıq 4-cü özəl investordur.

Вся лента