BNA Bakıda velosiped yolları və zolaqları inşa edəcək

11:11 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda velosiped infrastrukturu yaratmağı planlaşdırır.

Agentliyin verdiyi məlumata görə, əhalinin velosiped sürməyə marağı nəzərə alınmaqla, BNA müvafiq velosiped infrastrukturu yaratmağa başlayır.

“İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar istiqamətində velosiped yollarının yaradılması nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, ikinci mərhələdə velosiped yolları və zolaqlarının  İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətində təşkili nəzərdə tutulmuşdur.

“Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili nəzərdə tutulur. Eyni zamanda, şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək”, - məlumatda  belə deyilir.

Velosiped yollarının və zolaqlarının yaradılması Agentliyin önümüzdəki illər üçün fəaliyyət planına daxil edilmişdir.

 

Вся лента